Sunday 25 December 2011

Seymur Baycan Elçibəyin qisasını Fazil Qəzənfəroğludan necə aldı?

Seymur Baycanın "18,6 sm" romanından bir hissəni bloqumda paylaşmaq istəyirəm. Bu hissədə yazıçı bir vaxtlar müxalifətdə olan, sonradan deputat mandatını əqidəsindən üstün tutub hakimiyyətə satılan Fazil Mustafa Qəzənfəroğlu haqqında yazıb.


Buyurun oxuyun: 

YAS YERİNDƏN REPORTAJ

...Yuxudan  "Qaranlıq Azərbaycan" qəzetinin şef- redaktoru Şahvələd Çobanoğlunun zənginə oyanmışdım. Bu adamı çoxdan tanıyıram. 2003-cü il prezident seçkilərindən sonra müxalifətcilərə qarşı aparılan repressiyalara, işgəncələrə, həbslərə etiraz əlaməti olaraq bəyanat verib müxalifət sıralarına keçən jurnalistlərdəndir. Ortaboyludur. Gözləri qıyıq, sifəti kökdür. Daima qara rəngli köynək geyinir ki, bu da onu rus filmlərində orta asiyalı kriminal ünsürlərə bənzədir. Şef-redaktor məndən Fioletovka rayonuna getməyi, Həcc ziyarəti zamanı ölmüş Böyük Quruluş Partiyasının sədri, zəvvar Fazil Qəzənfəroğlunun yasından reportaj yazmağı xahiş etdi. Məsuliyyətsiz adam olduğumu, bir aydan sonra geri qayıdacağımı, malakanların yaşadığı rayonda doyunca veyillənəcəyimi bildiyi halda, yas yerindən reportajı yazmağı mənə həvalə etməsində, bir hikmət vardı...


...Vağzalda avtobusdan düşdüm. Bir neçə taksi sürücüsü var-qüvvətlə üstümə şığısalar da, mən sakitcə siqaret yandırdım. Əsgərlik yoldaşım Mehman, ana heykəlinin başına dövrə vurub, köhnə qırmızı "Jiquli"ni yanımda saxlayıb, qapını açdı. Ana seygahına qulaq asırdı. Mən dama-dama tumanlarımın arasında gizlətdiyim kaseti, üstünə balaca, rəngli əl-üz məhrabası sərilmiş maşın şitinin üstünə atdım. Birbaşa yas yerinə getdik. Mağarın yanında siqaret çəkən "Azadlıq" radiosunun bölgə müxbiri Rövşən Qəmbərovu görəndə sevindim. Nə yaxşı, Rövşənin burda olması işimi asanlaşdıracaq. Fazil Qəzənfəroğlu milli hakimiyyət dövründə prezident aparatının hüquq şöbəsinin rəhbəri vəzifəsində çalışırdı. Hətta rəqibləri onu ağıllı, savadlı siyasətçi kimi dəyərləndirirdilər. Milli hakimiyyət devrildiyi zaman Türkiyəyə getmiş, beş il İstanbulda yaşamış, bol vaxtdan bəhrələnib türk və islam tarixi haqqında yeddi kitab yazmışdı. Vətənə qayıtdıqdan sonra mətbuatda adət-ənənələrə, mentalitetə qarşı sərt yazılarla çıxış edərək, başına xeyli sayda savadlı gənc toplayan mərhum, Böyük Quruluş Partiyasını yaratdı. Güclü intellektual bazaya, mükəmməl mütaliyəyə malik bu gənc siyasətçinin milli mentalitetə, azərbaycanlıların yas-toy adətlərinə, azərbaycanlıların ailə modelinə, milli mətbəxə qarşı elan etdiyi müharibə, yazdığı məqalələr, verdiyi radikal müsahibələr gənclərin çox xoşuna gəlir, onu tam fərqli, modern düşüncəli siyasət adamı obrazında göstərirdi. Bu proses cox davam etmədi. Bir neçə aydan sonra Fazil Qəzənfəroğlu iqtidara qarşı radikal siyasətdən uzaqlaşmanın vacibliyi haqda  yazılar yazmağa başladı. Daha sonra o yazılarında ölkədə baş verən qanunsuzluğun, korrupsiyanın , adam oğurluqlarının, təhsilin və səhiyyənin bərbad vəziyyətdə olmasının günahını hakimiyyətdə yox, xalqın özündə axtarmağa başladı. O, yazılarında ölkədəki vəziyyətə görə mövcud hakimiyyətin deyil, xalqın günahkar olduğunu vurğulayırdı. Bir az da uzağa gedərək, xalqın demokratiyaya hazır olmadığı haqda danışmağa başladı. Onun fikirincə polisin və digər güc strukturlarının vətəndaşlara qarşı sərt munasibət göstərməsi, sadəcə zəruriyyətdən doğur. Qısası, hər xalq öz iqtidarına layiqdir. Keçmiş silahdaşları  Fazil Qəzənfəroğlunu  Viktor Hüqonun“Səfillər” əsərindəki Tenardye obrazına bənzədirdilər. Onların fikirincə, Tenardye, Vaterloo məğlubiyyətindən yararlanaraq, Vaterloo düzündə ölmüş əsgərləri soymaqla özünə bir aşxana açmaqa nail olmuşdu. Aşxananın da adın qoymuşdu “Vaterloo serjantı”. Fazil Qəzənfəroğlu da Milli Hökumətin devrilməsindən yararlanaraq, özünə bir deputat mandatı düzəltməyi bacarmışdı. Rəqiblərinin dediyinə görə Fazil bəy seçiçilərdən səs ala bilməyib,deputat mandatı ona, bir vaxtlar özünün də təmsil olunduğu Milli Hökumət zamanı buraxılan səhvlərdən danışması, Milli Hökumətin ölkəni idarə edə bilməməsı haqda yazdığı məqalələrin müqabilində hədiyyə olunub.  Fazil bəy 2005 ci ildə Sabunçu rayonundan Milli Məclisə deputat seçilmişdi. Rəqiblərinin təbirincə desək, deputat mandatı ona hədiyyə olunmuşdu. Həcc ziyarətinə gedən gənc siyasətçinin ziyarət zamanı basabasa dözməyən ürəyi, müqəddəs torpaqda qəfil dayandı. Meyidini qaydaya uyğun olaraq vətənə gətirməyib, orda basdırıblar. Dünən Məkkədə şeytanı daşlamaq mərasimində 345 zəvvar basabas nəticəsində dünyasını dəyişib. 1990-cı ildə Məkkədəki tuneldə iki zəvvar izdihamının üz-üzə gəlməsi nəticəsində 462 zəvvar həlak olmuşdu. 1994-cü ildə şeytanın daşlanması zamanı yaranmış basabasda ölənlərin sayı bir az azalıb- 270 nəfər. 1997-ci ildə Mina dağı ətəyində zəvvarların qaldığı düşərgədə çıxan yanğında 343 zəvvar canını o bir olan, uca Allaha tapşırıb. 1998-ci ildə yenə də şeytanın daşlanması zamanı 119 nəfər, 2004-cü ildə isə 244 zəvvar basabas nəticəsində dünyasını dəyişib...

...Bu vaxt masalara ehsan plovu düzüldü. Plovu deyəsən, ocaqda dəmləmişdilər. Xan düyüsünün ətri bir anda mağarı bürüdü. İntuisiyam məni aldatmamışdı. Nə yaxşı Kürdəmirdə çörək yemədim. Həm adama qiymət oxuyurlar, həm də yolkənarı restoranlarda ölü heyvan ətindən yemək bişirirlər. Bakıdan gəldiyim üçün mənim qarşıma yekə boşqabda aş qarası qoydular. Deyəsən, mağarın başında dayanıb əli podnoslu uşaqlara sakitcə  tapşırıqlar verən kişi məni tanımışdı. Molla hərdən başını çevirib, mərhumun kənarına qara lent bağlanmış portretinə baxırdı. Bu şəkili Fazil bəy parlament seçkilərindən əvvəl çəkdirmişdi. Şəkildə gülümsəyir, gözləri çox ağıllı görünür, çənəsinə qədər qaldırdığı barmağı ilə seçicilərə həyatı başa salmağa hazırlaşırdı. Belə əminliklə, ürəkdən gülən adamın beş-altı ay sonra öləcəyinə nə şəkli çəkən fotoqraf, nə seçicilər, nə də biz jurnalistlər inanmazdıq.

Elə bu an Rövşən ağzını qulağıma yaxınlaşdırıb dedi:
-Seymur bəy, şəkilə bax, gör Fazil bəy necə gülümsəyir. Bəlkə o ölməyib?
-Ola bilməz. Ölməsəydi, camaata ehsan verməzdilər. Plov soyuyur, məni danışdırma.

Boşqabıma gözəl dəmlənmiş plov çəkdim. Şabalıdları, ət tikələrini seçib, səliqəylə plovun üstünə düzdüm. Acmışdım, amma mədəmi yumşaltmaq üçün plovu yeməmişdən əvvəl bir stəkan noxudlu dovğa içdim. Hər şeyin təbiisi necə gözəldi. Gör qazda dəmlənən plovla, ocaqda dəmlənən plov arasında nə qədər fərq var. Düyü adamın ağzında əriyir. Plovun qarası da çox dadlı alınmışdı. Ürəyimdən daha bir stəkan dovğa içmək keçdi. Mağarın qarşısında dayanıb əli podnoslu uşaqlara sakitcə işarələrlə tapşırıq verən kişi, sanki ürəyimi oxudu. Saqqallı, arıq oğlanın qulağına nəsə pıçıldadı və iki dəqiqə keçməmiş həmin ofisiant qarşıma iki stəkan dovğa, boşqabda qara tikələr, şabalıdlar, kişmiş, ərik qoydu. Plovu çörəksiz yeyirdim. Ocaqda dəmlənən plovun ayrı ləzzəti var. Kəmərimi azca boşaldıb mədəmə sərbəstlik verdim. İndi daha bir boşqab plovu asanlıqla, yavaş-yavaş yeyə bilərəm. Hamının başı plova qarışmışdı. Mağarın başına vurulmuş Fazil bəyin qara haşiyəli portreti onun ehsanını yeyənlərə baxırdı.
-Seymur, mənə elə gəlir o ölməyib. Bax, necə gülümsəyir.
-Ölməyən adama ehsan verməzlər. On ildir "Azadlıq" radiosunda işləyirsən, hələ də bu böyük həqiqəti dərk edə bilməmisən. Boşqabını ver, sənə bir az plov çəkim.

Üçüncü dovğa stəkanını içəndə gözüm yenə Fazil bəyin gülümsəyən portretinə sataşdı. Məclisdə buğlanan plov,  mərhumun portretdə alnını azca tərlətmişdi. Ölməyibsə, lap yaxşı, vətənə qayıdanda ondan dirilməsi münasibəti ilə qonaqlıq qopardaram. Molla boğazını arıtlayıb, yenə başını çevirib mərhumun gülümsər portretinə baxdı. Bir neçə dəfə öskürdü. Bununla da indi Fatihə oxuyacağını ehsan yeyenlərə catdırdı. Qaşıq səsi mağarda səngidi. Adamlar ağızlarında qalmış son tikəni tələsik çeynəyib uddular. Qorxusu yoxdur, molla lap dörd müqəddəs kitabı oxusun, doyunca yemişəm. Belə yağlı, gözəl plovdan sonra siqaret tüstülətməyin əla ləzzəti var. Fatihə bitən kimi bir "Kent" siqareti yandırdım. Yaxşı ki, gəldim. Şəhərdə darıxırdım. Məclis əhlinə çay paylandı. Doymuş adamlar rahat söhbətlər edir, Fazil bəy haqqında hərə öz xatirəsini danışırdı. İki paxlavayla çay içib, Rövşənə işarə edib bayıra çıxdım. Mehman maşında oturub məni gözləyirdi. Mərhumun əmisini kənara çəkib reportajın skeletini qurmaq üçün ümumi qeydlər apardıq:

"Hər il olduğu kimi bu il də minlərlə həmvətənimiz həcc ziyarətinə yola düşüb. Ancaq bu dəfə qayıdanların sayı gedənlərin sayından bir nəfər az olacaq. Ziyarətin sonuncu günü yenicə Hacı adı qazanmış zəvvarlarımızdan biri - Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu dünyasını dəyişib və qaydaya uyğun Məkkə torpağında basdırılıb. Dünən doğulduğu torpaqda qurulan yas məclisi ilə bərabər, Məkkə şəhərində də zəvvar yoldaşları onun üçün yas mərasimi təşkil ediblər. Fazil bəy doğulub boya başa çatdığı torpaqda xeyirxah əməlləri, səxavəti, kasıb-kusuba əl tutması ilə tanınıb. Müəllimləri onu çalışqan, tərbiyəli, ağıllı, ev tapşırıqlarını elə sinifdəcə öyrənən, şeri bir dəfə oxumaqla əzbərləyən şagird kimi xatırlayırlar. Əmisinin dediyinə görə, mərhum elə bil öləcəyini bilirdi. Məhz buna görə də ziyarətə yola düşməmişdən bir gün əvvəl, özü üçün ehsan məclisi qurub, bütün işlərini, bank hesablarını qaydaya salıb, təzə aldığı maşında rayonu qarış-qarış gəzərək, uşaqlıq illərini keçirdiyi yerlərə diqqətlə baxaraq, dərin düşüncələrə dalıb. Mərhumun əmisinin dediyinə görə, heç vaxt ibadətlə məşğul olmayan Fazil bəy, bir ay müddətində namaz qılmağı öyrənib və Məkkə ziyarətinə getmək barədə qəti qərar verib.

Hacı Fazil Fioletovka rayonundan Məkkədə rəhmətə getmiş ilk şəxs deyil. Onun ulu babası da çar hakimiyyəti dövründə Məkkədə vəfat edib və orda dəfn olunub. Fazil bəy tez-tez telefonla əmisinə zəng vurub vəziyyətin yaxşı olduğunu deyirmiş. Sonuncu dəfə zəng vuranda bir həftədən sonra evə dönəcəyini bildirib, qonaqları qarşılamaq üçün hazırlıq işlərinə başlamağı tapşırıb. Amma elə bil ürəyinə nə isə damıbmış. Fazil bəyin əmisi mərhum haqqında bunları dedi:

“Ziyarətə gedəndə bizimlə çox mehriban görüşdü və dedi ki, bəlkə mən geri qayıtmadım. Cavan adam idi, heç bir xəstəlikdən şikayətlənmirdi. Getməmişdən əvvəl özü üçün ehsan verdi, Molla çağırdı, şəkillərini camaata payladı. Təyyarəyə minməmişdən əvvəl adamlardan ayrıldı, gəlib yenidən mənimlə görüşdü. Sonra ağlaya-ağlaya təyyarəyə mindi. Hamı burda onu xeyirxah adam kimi tanıyırdı. Məhlənin yollarını təmir elətdirdi, evlərə su çəkdi, uşaqlar üçün pulsuz internet-klub, ingilis dili kursu açdırmışdı. Ziyarətə getməmişdən əvvəl kasıblara pul payladı. Cibinin düşməni idi. Bu rayonda hələ heç kəs ziyarətə getməmişdən əvvəl özü üçün ehsan verməyib. Elə adam yoxdur rayonda”.

 Sözsüz ki, dünyaya gələn hər kəs bir gün dünyadan getməlidir. Bir il tez, iki il gec. Nə fərqi var? Müqəddəs torpaqda ölüb orda basdırılmaq böyük xoşbəxtçilikdir. Bu xoşbəxtlik hər kəsə qismət olmur. Yas məclisində iştirak edən rayon ağsaqqalları da Hacı Fazilin hələ gənc yaşlarından xeyriyəçiliklə məşğul olduğunu, hər zaman kasıblara əl tutduğunu vurğuladılar. Ziyarətdən qayıdıb qəbirstanlığın yoluna asfalt döşətdirəcəyinə, yolun kənarına işıq çəkəcəyinə, güllər əkəcəyinə söz veribmiş. Qismət olmadı. Fələk aman vermədi. Allah rəhmət eləsin!"

Mərhumun əmisinə başsağlığı verib, Allahdan səbr dilədim...

No comments:

Post a Comment