Saturday 5 November 2011

Mənim polisim məni bezdirib || VIDEO

"Əəəə, demirəm dayanmaaa?!! Sür, sür, saxlama daaaa!!" 


Dünən Qafqazinfo.az saytından oxudum ki, Eurovision-a hazırlıqlar davam edir: "Bir neçə min xüsusi seçilmiş polis əməkdaşları kurslara cəlb edilib. Onlara “Kaspi”dil kurslarında müntəzəm şəkildə ingilis, fransız və digər əcnəbi dillər öyrədilir. Bundan başqa, “Eurovision”un təhlükəsizliyini qoruyacaq polis əməkdaşlarına davranış qaydaları ilə bağlı xüsusi təlimlər də keçirilir".

Bu xəbəri oxuyub fikirləşməyə başladım ki, görəsən belə asandır bu polislərə davranış qaydalarını əxz elətdirmək? Mitinqlərdə əlinə rezin əlcək geyinib vətəndaşları yumruqla vurmaqdan həzz alan Yaşar Əliyev, Səhlab Bağırov, Süleyman Nemətov bundan sonra davranış qaydaları öyrənəcəklər? Hələ ingilis fransız dilini demirəm. Orta məktəbi zorla bitirən polis nəfərləri xarici dil öyrənəsiymişlər bundan sonra. Elə şeylər etmək istəyirlər, belə çox gülməli =)) 

Polislərin xarici dil, davranış qaydaları öyrənə bilib-bilməyəcəklərini fikirləri ilə yatdım. Səhər isə 2003-cü ildə, 2005-ci ildə, 2010-2011-ci illərdəki mitinqlərdə, bölmələrdə döyə-döyə adam öldürən şanlı polisimizin iyrənc qışqırtısına oyandım. Qeyri-iş günü, şənbə, səhər saat 8 olmamış da polis qışqırar küçədə? Birinci elə bildim yol polisidir. Sonra balkona çıxıb baxanda görəm ki, ppx-a. 9-cu sinifi qurtarıb, polisə "serjant" düzələn adamdan bundan artıq nə gözləyəsən?! 

Dayanmadan qışqırır: "Sür, sür, sür, sür, sür boşalt yolu!!", "Avtobus, sür, saxlama, sür, sür, sür, sür, sür!!", "Cəld ol, cəld ol, cəld ol, cəld ol, cəld ol, sür, sür, sür, sür!!", "Sür boşalt, sür boşalt, yolu bağlama!!", "Əəəə, demirəm dayanmaaa?!! Sür, sür, saxlama daaaa!!". Bunlar kimi nə qədər belə anlaşılmaz ifadələr işlədir şanlı polisimiz. Videoda görə bilərsiz, özü yolla yavaş gedərək arxadan gələn maşınların yolunu kəsir, sonra da qışqırır ki, "Sür boşalt, sür boşalt, yolu bağlama!!" və s.. Belə də absurd olar? Bura haradır belə yaşayırıq? Dayanmadan da təkrar edir. 

DİN-ə təklif edirəm ki, sürücünün yanında oturub qışqıran polislərə əlavə 300-500 manat maaş verməkdənsə, onların səsini bir dəfə audiolentə yazsınlar, sonra hər polis maşınında o səsləri quraşdırıb, lazım olan yerdə qışqırtsınlar. Onsuzda eyni səslər, eyni ifadələrdir. 

Bu gün səhərki bu hadisədən sonra qəti qərara gəldim ki, nə qədər Səhlab Bağırov Moskvaya gedib təcrübə keçməyə çalışsa da, nə dəqər "serjant" ingilis, fransız, ərəb, yapon dilini öyrənməyə cəhd etsə də, davranış qaydalarını öyrənmək istəsələrdə, bu alınası deyil.

20 ildir müstəqil olan, 18 il isə qurtuluşçumuz (əslində 69-cu ildən) Heydər Əliyev siyasətinin hökm sürdüyü ölkədə Eurovision küləyi əsməyə başlayanda yadlarına düşdü davranış qaydaları? Bərəkallah!!


P.S. Mən bu yazını yazıb qurtaranda səhər ki ilk qışqırtıların üstündən 5 saat keçirdi, amma hələ də polisimiz yorulmamışdı, davam edirdi.



No comments:

Post a Comment