Friday 12 August 2011

Gəncədən gəlirəm üstüm toz-torpaqdır...// FOTO-VİDEO

Beş-altı günlük istidən qaçıb, sakitliyə getmişdim guya. Gəncəyə axşam saatlarında çatdım deyə yeni icra başçısının əl işlərini tam görə, dərk edə bilmədim. Özü biraz sürrealistdir. Sənətini qavramaq üçün vaxt lazımdır.

Səhər qohum-qardaş dedi ki, şəhərdə genişmiqyaslı sökuntulər gedir. Şəhərə çıxdım, “yenidənqurma”nın miqyası məni dəhşətə gətird. Elə mərkəzi küçə yoxuydu ki, “abadlıq”, “yenidənqurma“ olmasın. Elə yaşayış binası yoxuydu ki, həyətində balkonun söküntüsü olmasın. Plansız, insanlar nəzərə alınmadan, yollar bərbad gündə...

Videolarda, şəkillərdə görəsiz vəziyyət necədir. Şəhərin girişindən-çıxışınadək sikinti-töküntü işləri gedir. Balkonlar sökülür, obyektlər, dükanlar sahiblərinin başına uçurulur.
Tam ciddi deyirəm, söküntülərdə prinsip budur: icra başçısının xoşuna gəldisə, yaxud kimsə “haqq”ını çatdırdısa, mülk qalacaq, xoşuna gəlmədisə, buldozerin ağzına veriləcək. Heç bir məhkəmə qərarı, rəsmi bildiriş yoxdur.

Azərbaycanda yenidənqurma necə aparılır?
Bundan əvvəlki başçı gələndən bir müddət sonra Gəncə tacirlərinə obyektlərinin üzünü alkopanla bəzəməyi əmr etmişdi. Yeni icra başçısı gəldi, öz yenidənqurmasını tətbiq etməyə başladı. Bunun menyusunda əsas “qarnir” aqlay idi. Guya bu başçı müasir nəsə etməyə başlayır. Kərpicdən olan tarixi binaların hamısını aqlaylamağa başladı.

Azərbaycanda belədir, hər icra başçısının öz yenidənqurması var. Portfellərinə qoyub prezidentin sərəncamları ilə regionları yerdəyişmə ilə gəzib paketlərini camaata dürtməyə başlayırlar. Hətta Gəncədə belə söz-söhbət gəzir ki, başçı məscidi və alban kilsəsini də aqlaylayacaq J J.

Bu qədər tikinti-söküntünün içində adamın üstü-başı toz-torpaq olmasın bəs nə olsun?

Eşitdiyimə görə Eldar Əzizov da Sumqayıtda xalqa “tort” yedizdirir. Öz menyusuna uyğun qonaqlıq verdirir. Obyektlər sökdürür, iş yerləri bağlatdırır, evlər yıxır... 

Bəzən əhali də aldanır bu söhbətlərə. Deyirlər ki, “yaxşıdır də, kişi gözəlləşdirir, abadlaşdırır şəhəri”. Birincisi kişi yox, icra başçısı. İkincisi, Azərbaycanda aşağı təbəqənin ac qarnına, problemlərlə dolu həyatlarına divarın, parkın, daş-kəsəyin gözəlliyi lazımdırmı? “Yenidənqurma”dan əvvəl söküntülərdən ziyan çəkən əhali işlə, mülklə təmin edilməlidir, sonra bu obyektlər sökülməlidir.


Qanuni, yaxud qeyri-qanuni tikililərin hər birinin söküntüsü ilə bağlı məhkəmə qərarı olmalıdır. Məhkəmə qərarı olmadan necə müəyyən etmək olar ki, bu tikili qanunsuzdür, sökülməlidir? Ancaq Gəncədəki söküntülərdə məhkəmə qərarı göstərilməyib vətəndaşlara.

Mülkiyyət hüququ insanların öndə gələn hüquqlarındandır. Görünür bu orta əsr təfəkkürlu hakimiyyət artıq başqa hüquqları pozmaqdan yorulub. Özünə yeni əyləncə tapıb. İnsanların evlərini, obyektlərini, mülklərini əlindən almaqla əylənir. Varlı adamın ərköyün balasının başqa uşağın əlindən oyuncağını alan uşaq kimi. Ancaq hakimiyyət başa düşmür ki, bu əyləncə ona baha başa oturacaq.



No comments:

Post a Comment